“Robit Teknoloji”, HTR, “Öncü Güvenlik”, “Otonom Teknoloji”, “Verte Elektronik” və “Sedsan” yeni məhsullarını ilk dəfə MRBS-də nümayiş etdiriblər. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi - MÜSİAD Ankara Şöbəsi tərəfindən təşkil edilən 4-cü Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Zirvəsi - MRBS 21-22 mart 2023-cü il tarixlərində Hacettepe Universiteti Beytepe Konqres Mərkəzində keçirilib. Türkiyənin Milli Müdafiə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi və Müdafiə Sənayesi Komitəsinin dəstəyi ilə həyata keçirilən MRBS-də milli və yerli müdafiə sənayesinin nümayəndələri yeni məhsullarını nümayiş etdiriblər.
“Robit Teknoloji”dən Türkiyənin ilk kamikadze PUA-sı: AZAB
MÜSİAD Ankaranın üzvü “Robit Teknoloji” tərəfindən yerli və milli texnologiya ilə hazırlanmış “çoxməqsədli kamikadze” pilotsuz uçuş aparatı olan AZAB ilk dəfə MRBS-də təqdim edilib. AZAB T-200 modeli 15 kq yükgötürmə qabiliyyətinə və 50 kiloqram maksimum uçuş çəkisinə sahibdir. 500 km-ə qədər məsafəyə çata bilir. Uçuş hündürlüyü 300-3000 metrdir. O, operatorun köməyi ilə 200 kilometrə qədər məsafədə öz görüş xəttində hədəfinə çata bilir.

Kamerası ilə də yönləndirilən AZAB-ın üzərindəki optik sensorlar vasitəsilə hədəfinə çatdıqda necə partlayacağı və ya məhv olacağı idarə oluna bilir. Dünyada T-200-ün məsafəsindən üstün olan cəmi 2 Kamikaze PUA-sı var, Türkiyədə 1 ədəddir. Xaricdə də böyük marağa səbəb olan AZAB çoxməqsədli aspekti ilə həm “atdım-unutdum”, həm avtonom rejimində, həm də operator tərəfindən idarə oluna bilər.
“Robit Teknoloji” “Chordata”nı ilk dəfə MRBS-də təqdim etdi
“Robit Teknoloji” inkişaf etdirdiyi asan daşınan məlumat mərkəzi həllini təklif edən “Chordata” ilə əlaqənin kəsildiyi mühitlərdə ünsiyyət imkanı verir. Axtarış-xilasetmə, mitinqlər, hadisə yerinə dərhal müdaxilə, tədbirlər kimi bir çox sosial işlərdə gündəlik əməliyyat xidmətləri təklif edir.
“Robit Teknoloji” fəlakət halında sürətli cavab sistemi olan FEMİS-i inkişaf etdirdi
FEMİS (Fəlakətlərə Müdaxilə Sorğu Sistemi) ilk dəfə MRBS-də “Robit Teknoloji” tərəfindən təqdim edilib. FEMİS zəlzələ və sel kimi fəlakətlər, yəni ətraf mühitlə heç bir əlaqə imkanı olmadığı zaman üzərindəki düymələrə basıldığında müəyyən qurum və ya şəxsin ehtiyaclarını məlumat kimi ötürür. Öz rabitə protokolu sayəsində GSM, Wi-fi və ya elektrik kəsilməsindən təsirlənmədən məlumat ötürməyə davam edən FEMİS təkrar doldurulan quruluşu sayəsində davamlı istifadə üçün də uyğundur. Təxminən 2 il batareya ömrü olan FEMİS-də çadır, yemək, geyim və tibbi ehtiyaclar üçün düymələr mövcuddur.
HTR yüksək “zoom” qabiliyyətinə malik kamerasını təqdim etdi
HTR şirkəti MRBS-də ilk dəfə gecə 1,5 km, gündüz 4 km məsafəni izləmək imkanına sahib Modul Kamera İnkişaf Platforması ailəsinin yeni üzvünü təqdim edib. Yaxın sərhədlər üçün istifadə edilərkən pilotsuz nəzarət imkanı təmin edən bu yüksək “zoom”lu kamera sahədən gələn tələblərə uyğun olaraq hazırlanıb. O, həm daxili təhlükəsizlik zonalarında, həm də sərhədlərdən kənarda istifadə üçün nəzərdə tutulub. 50 X optik “zoom” və 12 X rəqəmsal “zoom” özəlliyi olan kamera hərbi elementlərin təhlükəsizliyini təmin etməyə kömək edəcək.
“Sec-on” Robot İt MRBS-də təqdim edildi
“Öncü Güvenlik” tərəfindən hazırlanan yerli proqram təminatı ilə diqqət çəkən “Sec-on” Robot İt MRBS-də təqdim edilib. Pilotsuz kəşfiyyat, sərhəd təhlükəsizliyi, polis patrulunda və ya təbii fəlakətlərdə axtarış-xilasetmə əməliyyatlarında istifadə oluna bilən Robot İtin modul quruluşu da var. Robota termal kamera və ya müxtəlif sensorlar qoşula bilər.
Sərhədlərdə 10 dəqiqəyə 15 metrlik hava qülləsi qurmaq olar
“Otonom Teknoloji” “Air Tower” məhsulunu ilk dəfə MRBS-də sərgiləyib. Hava ilə şişirilə bilən qüllə maksimum 15 m hündürlükdə 10 kiloqrama qədər yük daşıma qabiliyyəti təklif edir. Sərhəddə və sərhəd postlarında xüsusilə müşahidə və işıqlandırma məqsədilə istifadə edilən “Air Tower”in üzərindəki lövhəyə kamera və termal kamera kimi avadanlıqlar quraşdırıla bilər. 15 metrlik hava qülləsini 10 dəqiqəyə əldə etmək imkanı təqdim edən “Air Tower” hava şəraitinə də davamlıdır. Sürətli quraşdırmanın üstünlüyünə əlavə olaraq, “Air Tower” portativ şəkildə tez söndürülə və daşına bilər.
Yerli və milli enerji paylama vahidi
MRBS-də təqdim edilən digər yeni məhsul “Verte Elektronik” tərəfindən hazırlanmış “Solid State” Enerji Paylama Vahidi idi. Yerli və milli enerji paylama vahidi elektrik sistemlərindəki enerjini taktiki raket sistemlərində, zirehli texnikalarda, PUA-larda, hərbi hava və dəniz vasitələrində ağıllı şəkildə paylayır. Türkiyədə yalnız “Verte Elektronik” tərəfindən hazırlanmış bu məhsul xaricdə də bir neçə şirkət tərəfindən istehsal olunur. O, yüksək və aşağı gərginlikdən, həddindən artıq yüklənmədən və qısaqapanmadan qoruya bilər. Açılış və bağlanış ssenariləri müəyyən edilə bilər. Dünyadakı bütün məhsullar arasında yalnız bu məhsul yükün prioritetləşdirilməsi funksiyasına malikdir. Bu xüsusiyyət sayəsində elektrik kəsintisi halında ən az əhəmiyyət kəsb edən yüklərdən başlayaraq söndürmə həyata keçirilə bilər.
“Sedsan”dan yerli “Cessna 172” Simulyatoru
MÜSİAD Ankaranın üzvü “Sedsan” hər pilotun ilk təyyarəsi hesab edilən “Cessna 172” üçün pilot kabinəsi simulyatoru hazırlayıb. Bu yerli və milli məhsul ağır sınaqlar və Ar-Ge işlərini tamamladıqdan sonra ilk dəfə MRBS-də bazara çıxarılıb. Proqram təminatı 15 min sətir kodla hazırlanmış simulyator analoq kabin və şüşə kabin variantları təklif edir. Aviasiya məktəbləri və mülki aviasiya sahələrində 50 faizdən çox maliyyə qənaəti təqdim edən bu məhsula tələbatın artacağı gözlənilir.
Firuz Bağırov
Ordu.az